...Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının muzeylərə kollektiv gedişi davam etdirilir.Avqustun 27-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksini ziyarət ediblər.
...Muzeyin bələdçisi məlumat verərək bildirib ki, Azərbaycanın görkəmli filosof-şairi və dramaturqu Hüseyn Cavidin ev muzeyi onun anadan olmasının 100 illiyi münasibətilə ümummilli lider Heydər Əliyevin imzaladığı 1981-ci il 21 iyul tarixli qərara əsasən yaradılmışdır.
...Muzeyin fondunda 9 mindən yuxarı eksponat qorunub saxlanılır ki, hazırda bu eksponatların 500-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərlər, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları, şairin oğlu Ərtoğrol Cavidin və qızı Turan xanımın əsərləri, Hüseyn Cavid haqqında müxtəlif dövrlərdə nəşr olunmuş kitablar görkəmli ədibin həyat və yaradıcılığı barədə dolğun təəssürat yaradır.
...“Matəm otağı” adlanan otaqda Hüseyn Cavidin Sibirdə olan məzarının axtarılıb tapılmasını əks etdirən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur. Bildirilib ki, otağın çıxışında sərgilənən və 1936-cı ildə çəkilmiş ailəvi fotoşəkil Cavidlər ailəsinin axırıncı xatirə şəklidir.
...Muzeyi ziyarət zamanı kollektivə bildirilib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. Represiya qurbanı olan şairin nəşinin 1982-ci ilin noyabr ayında uzaq Sibirdən doğma yurduna - Naxçıvana gətirilməsi ulu öndər Heydər Əliyevin Hüseyn Cavid yaradıcılığına, o cümlədən, Azərbaycan ədəbiyyatına göstərdiyi diqqətin, təəssübkeşliyin növbəti göstəricisi və nümunəsidir. 1996-cı ildə Naxçıvan şəhərində görkəmli dramaturqun məzarı üzərində əzəmətli məqbərə ucaldılıb.