....Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində Mərkəzi Seçki Komissiyası və muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları arasında Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat yarışı keçirilib.
....Açılış mərasimində Ulu Öndərin əziz xatirəsi, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Yarışda Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyaların əməkdaşları iştirak edib.
....Daha sonra Mərkəzi Seçki Komissiyasının akt zalında qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev yarış iştirakçılarını salamlayaraq bildirib ki, yarış Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses indi də davam edir və şahmatın inkişafı dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər.
....Yarışın mükafatlandırma mərasimində 1-ci yerin qalibi Məmmədov Babək, 2-ci yerin qalibi Əsgərov Niyaz və 3-cü yerin qalibi Qədimov Əli fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev təqdim edib.
....Sonda xatirə şəkli çəkilib.
Məzahir Pənahovun sədrliyi ilə 2023-cü il aprelin 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 6 fevral 2023-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı Neftçala, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Beynəlxalq qurum və media orqanları nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.
....Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər görülür.
....Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının elektron informasiya resursu "GOV.AZ" domen zonasına köçürülüb.
....Bu gündən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının portalı yeni "nmsk.gov.az" domen adı ilə fəaliyyət göstərəcək.
....Məzahir Pənahovun sədrliyi ilə 2023-cü il fevralın 6-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 16 avqust 2022-ci ildə keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarına dair məsələyə baxılıb. Komissiyanın qərarı ilə bəzi normativ xarakterli aktlar son dövrlər qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb. Həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Komissiyanın iclasında diqqətə çatdırılıb ki, Seçki Məcəlləsinin tələblərinə əsasən 2023-cü il yanvar ayının əvvəllərindən etibarən Azərbaycanda ölkə üzrə vahid seçicilər siyahısının tərtib olunması və dəqiqləşdirilməsinə başlanılıb. Müvafiq yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilən bu irimiqyaslı prosesə respublikadakı bütün aşağı seçki komissiyalarının otuz yeddi mindən artıq üzvü cəlb olunub.
....Seçki qanunvericiliyi ilə müəyyənləşdirildiyi kimi, seçicilər siyahısının tərtib edilməsi birinci mərhələdə məntəqə seçki komissiyaları tərəfindən aparılıb və bu proses qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilib. Məntəqə seçki komissiyaları seçki məntəqələri üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.
....Növbəti mərhələdə dairə seçki komissiyaları seçki dairələri üzrə ilkin seçici siyahılarını yoxlayaraq aidiyyəti qurumlardan daxil olan məlumat və statistik göstəricilərlə bir daha təhlil edib dəqiqləşdirir və siyahıları aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil verirlər. Mərkəzi Seçki Komissiyası da öz növbəsində seçicilərin daxil olduğu məlumat bazasını toplayıb, siyahılarda olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və statistik təhlili üçün xüsusi proqram vasitəsilə yoxladıqdan və lazımi dəqiqləşdirmələr apardıqdan sonra qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada seçicilər siyahısını təsdiq edir.
....Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, sözügedən prosesə ən geci cari il may ayının sonuna qədər yekun vurulması nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyasının iclasında xarici qurum və media orqanlarının nümayəndələri iştirak edib.
....Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə könüllü qanvermə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən insanlara kömək və koronavirus pandemiyası zamanı ehtiyat qan bankının zənginləşdirilməsindən ibarətdir. Aksiyada Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları iştirak ediblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutan bu aksiyada əvvəlcə donorlardan koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib.
....Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin baş həkiminin müavini İsmayılov Türkan bildirib ki, müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların-ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur.
....Qanvermə aksiyasında iştirak edən könüllü donor – Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Əli Qədimov bildirib ki, həyatda hansısa xəstəlik və ya bədbəxt hadisə nəticəsində qana ehtiyac yarana bilər. Bu halda kiminsə həyatını xilas etməyə kömək göstərmək ən vacib və gərəkli əməllərdən biridir.
....Aksiyada 20 nəfər iştirak edib, 10 litr qan toplanaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan bankına təhvil verilib. Mövcud vəziyyətlə əlaqədar aksiya sosial izolyasiya qaydalarına uyğun və zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla keçirilib.
....Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının kollektivi 27 noyabr 2021-ci il tarixdə Heydər Əliyev Muzeyini ziyarət etmişdir. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. 420 eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyində hazırda 4746 eksponat toplanıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər sənədlərin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.