news
Mayın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.

Mayın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.

İclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü  oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (üçüncü oxunuş), Naxçıvan Muxtar Respublikası Baş nazirinin Nazirlər Kabinetinə üzvlüyə dair təqdimatlarına baxılması və İntizam komissiyasının məlumatı daxil edilib.

Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ ilə bağlı qeyd edib ki, qanun layihəsi 24 may 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin tələblərinə uyğun olaraq ikinci oxunuşda müzakirə edilib. Daxili Nizamnaməyə əsasən Hüquq siyasəti komitəsi tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.

Gündəlikdəki birinci məsələ ilə bağlı Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.

“Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının  Qanunu səsə qoyularaq qəbul olunub.

Anar İbrahimov qanunun hazırlanmasında əməyi keçən hər kəsə, o cümlədən, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına, Ali Məclisin deputatlarına və Aparatının əməkdaşlarına təşəkkürünü bildirib.

Üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin müzakirəsi zamanı Anar İbrahimov qeyd edib ki, qanun layihəsi 24 may 2024-cü il tarixdə Ali Məclisin Daxili Nizamnaməsinin tələblərinə uyğun olaraq ikinci oxunuşda müzakirə edilib. Daxili Nizamnamənin müvafiq maddəsinə əsasən İqtisadi siyasət komitəsi tərəfindən üçüncü oxunuş üçün hazırlanmış qanun layihəsi baxılması üçün Ali Məclisin iclasının gündəliyinə salınıb.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihəsi haqqında məlumat verib, təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.

İclasda “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələ - Naxçıvan Muxtar Respublikası Baş nazirinin Nazirlər Kabinetinə üzvlüyə dair təqdimatlarına baxılması ilə bağlı Ali Məclisin sədr müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin təsdiqi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələlərdən biri olub, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 5-ci bəndi ilə müəyyən edilib. Eyni zamanda Ali Məclisin Daxili Nizamnaməsinin 54-cü maddəsində Nazirlər Kabinetinin tərkibinin təsdiqi proseduru müəyyən olunub. Konstitusiyanın 36-cı maddəsinin II hissəsinə əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Ali Məclis təsdiq edir. Konstitusiyanın 32-ci maddəsinin I hissəsinin 4-cü bəndi ilə Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə üzvlüyə namizədləri Ali Məclisə təqdim edir. Naxçıvan Muxtar Respublikasının səhiyyə və təhsil nazirləri vəzifələrinə namizədlər barədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2024-cü il 21 may tarixli təqdimatları daxil olub.

Təqdimatlar oxunduqdan sonra, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsinə namizəd Sadıxov Samiq Asəf oğlu və Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə namizəd Nəcəfov Elxan Tarqulu oğlu haqqında məlumat verilib.

Samiq Sadıxovun Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri, Elxan Nəcəfovun isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinə təsdiq edilmələri ilə əlaqədar Ali Məclisin qərarları (1,2) ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib. Müvafiq qərarlarla Samiq Sadıxov Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri, Elxan Nəcəfov isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinə təsdiq olunublar.

Samiq Sadıxov və Elxan Nəcəfov göstərilən etimada görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikada səhiyyə və təhsil sahələrinin inkişafı istiqamətində əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.

İntizam komissiyasının sədri Ehtimad Məmmədov gündəliyə daxil olan sonuncu məsələ - Ali Məclisin İntizam komissiyasının məlumatını diqqətə çatdırıb, Ali Məclisin Daxili Nizamnaməsində müvafiq dəyişikliyin aparılmasını təklif edib.

Anar İbrahimov təklifə Ali Məclisin Aparatında və növbəti sessiyalarda yenidən baxıla biləcəyini qeyd edib, Ali Məclis deputatlarının fəallığı barədə məlumatın hər sessiyadan sonra Ali Məclisin rəsmi orqanı olan “Şərq qapısı” qəzetində yerləşdiriləcəyini diqqətə çatdırıb.

Ali Məclisin plenar iclasına yekun vuran Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə əsasən yaz sessiyası mayın 31-dək davam edir. Bu gün 2024-cü ilin yaz sessiyasına yekun vururuq. Sessiya müddətində Ali Məclisin 8 iclası keçirilib, 3 qanun, 11 qərar qəbul edilib, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi, parlamentin tarixində ilk dəfə ayrıca prosedur kimi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hesabatı dinlənilib, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Baş naziri Ali Məclis tərəfindən təyin edilib. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ əsasında “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb, layihə deputatların səs çoxluğu ilə qəbul edilib, baxılması üçün Milli Məclisə göndərilib. Milli Məclisin 24 mart 2024-cü il tarixdə keçirilən plenar iclasında qanun layihəsinin birinci oxunuşunda Ali Məclis Aparatının nümayəndələri də iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çap mediası subyektinin təsisçisi olmasını nəzərdə tutan müvafiq dəyişiklik Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli Qanunu ilə qəbul edilib. Yaz sessiyası dövründə Ali Məclisin mükəmməl informasiya resursu – saytı istifadəyə verilib. Bu isə muxtar respublika parlamentinin işini daha şəffaf, əlçatan və hesabatlı edib. Əlavə olaraq saytda qanunlar interaktiv müzakirə üçün yerləşdirilib, digər mühüm sənədlərin vətəndaşlar üçün əlçatanlığı təmin olunub. Beləliklə Ali Məclis həm nümayəndəli orqan olaraq, həm də muxtar respublikanın ali qanunvericilik orqanı kimi fəaliyyətini davam etdirib, yaz sessiyası üçün qəbul olunmuş qanunvericilik planında əks olunan tədbirlər həyata keçirilib.

Anar İbrahimov Ali Məclisin işinə dəstək verən bütün orqanlara, vətəndaşlara Ali Məclis adından təşəkkür edib.

Sonda Ali Məclisin sədr müavini Anar İbrahimov Ali Məclisin 2024-cü il yaz sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Ali Məclisin 2024-cü il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

news
Mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

Mayın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

İclasın gündəliyinə 2 məsələ - “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) daxil edilib.

Ali Məclisin sədr müavini Anar İbrahimov gündəlikdə duran birinci məsələ - Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin birinci oxunuşda müzakirəsi ilə bağlı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, “Media haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarının müvafiq müddəalarına uyğunlaşdırılmasının aparılması, seçki komissiyalarının fəaliyyətinin şəffaflığının, operativliyinin, peşəkarlığının artırılması məqsədi ilə müvafiq qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanıb, deputatlara paylanılıb. Layihə Hüquq siyasəti komitəsinin 20 may 2024-cü il tarixli iclasında komitənin sədr və üzvlərinin, həmçinin, Ali Məclis Aparatının və Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli Qanun layihəsi ilə bağlı məlumat verib və təmsil etdiyi komitənin rəyini bildirib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev bildirib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa sonuncu əlavə və dəyişiklik 2015-ci il tarixdə edilib. Azərbaycan Respublikasında seçki prosesini tənzimləyən və əlaqəli normativ hüquqi aktlarda edilmiş əlavə və dəyişikliklər müvafiq qanuna əlavə və dəyişikliklər edilməsini zəruri edir. Bu məqsədlə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklərin həyata keçirilməsi təklif edilib.

Məsələ ilə əlaqədar müzakirələr zamanı deputat Yeganə Məmmədova sual və fikirlərini səsləndirib.

Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihəsi barədə müvafiq qurumların rəy və təkliflərini diqqətə çatdırıb.

Sonra “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”  Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəlikdə duran ikinci məsələnin - “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Ali Məclisin sədr müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti muxtar respublikanın büdcəsini icra edir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq 2024-cü il tarixində “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub. Qanun layihəsi deputatlara paylanılıb, bundan başqa 16 may 2024-cü il tarixdə Ali Məclisin rəsmi internet saytında yerləşdirilərək ictimai müzakirəyə çıxarılıb. Layihə İqtisadi siyasət komitəsinin 18 may 2024-cü il tarixli iclasında komitənin sədr və üzvlərinin, həmçinin Ali Məclis və Nazirlər Kabineti Aparat nümayəndələrinin iştirakı ilə müzakirə olunub.

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri İsa İsayev qanun layihəsi barədə məlumat verib və təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru, Hesablama Palatasının  Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrasının təhlilinə dair analitik fəaliyyət üzrə auditor hesabatı diqqətə çatdırıb.

Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov məlumat verib.

Gündəlikdə duran məsələnin müzakirəsi zamanı deputatlardan Hüseyn Bağırsoylu, Ehtimad Məmmədov, Elman Cəfərli və Əmir Babayev sual, fikir və təkliflərini səsləndiriblər.

Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası ilə bağlı müzakirələrin keçirilməsi həm forma, həm də mahiyyət etibarilə Ali Məclisin təcrübəsində bir ilkdir. İclasda Hesablama Palatasının auditor hesabatının təqdim olunması büdcə inzibatçılığı, bütövlükdə, şəffaflıq və hesabatlılıq üçün mühüm addımdır.

Sonda deputatlar tərəfindən səsləndirilən suallara Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov və Azərbaycan Respublikası Hesablama Palatasının auditoru,, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli aydınlıq gətirib, fikirlərə münasibət bildiriblər.

İclasda “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Bununla da Ali Məclisin iclası başa çatıb.

news
Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurub

Məzahir Pənahovun sədrliyi ilə fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Namizədi qeydə alınmış siyasi partiyanın səlahiyyətli nümayəndəsi, beynəlxalq müşahidə missiyası təmsilçisi, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media mənsublarının iştirak etdiyi iclasda öncə seçkilərin hazırlanıb keçirilməsi istiqamətində atılan addımlar və reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla, respublikanın hər bir bölgəsində Prezident seçkiləri yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməklə ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyətli tarixi hadisəyə çevrilib. Prezident seçkiləri ilə əlaqədar bütün fəaliyyət Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə MSK tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilib, istər Komissiya, istərsə də aidiyyəti qurumlar tərəfindən seçki qanunvericiliyində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin dəqiqliklə yerinə yetirilməsinə xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının yaradılması, müşahidəçilər və media nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlara düzgün əməl olunması və digər tədbirlər qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtında və keyfiyyətlə həyata keçirilib.

Bildirilib ki, MSK seçkilərə start verildikdən sonra seçicilərin məlumatlandırılması, seçki iştirakçılarının maarifləndirilməsi, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı kampaniya reallaşdırıb və maarifləndirmə proqramı əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

Qeyd olunub ki, Prezident seçkilərində 17 iddiaçı namizəd qismində iştirak etmək üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib və namizədliklərinin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verilib. Namizədliyinin irəli sürülməsi təsdiq edilən 17 iddiaçıdan 10-u imza vərəqələrini ümumiyyətlə geri qaytarmayıb. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytaran 7 iddiaçının hamısının namizədliyi qeydə alınıb ki, onlardan 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb. Namizədlərin sənədlərinin yoxlanılması prosesi bütün maraqlı şəxslər üçün şəffaf şəkildə aparılaraq ictimaiyyətə tam açıq həyata keçirilib. Prezidentliyə namizədlərin və siyasi partiyaların səlahiyyətli nümayəndələri, beynəlxalq müşahidə missiyalarının təmsilçiləri və media nümayəndələri istənilən vaxt prosesləri birbaşa izləmək, sənədlərlə yaxından tanışlıq imkanına malik olublar.

Habelə bildirilib ki, qeydə alınmış namizədlərə öz seçkiqabağı platformalarını sərbəst şəkildə seçicilərə çatdırmaq üçün bərabər şərait, hərtərəfli və geniş imkanlar yaradılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq – həftəlik 6 saat (3 saat  televiziyada, 3 saat radioda) pulsuz efir vaxtı, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti və “Bakinski raboçi” qəzetlərində dərc üçün ödənişsiz yer ayrılıb. Ödənişli təşviqat üçün 44 media qurumundan təklif edilən qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olması üçün Komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim diqqətdə saxlanılıb. Seçki Məcəlləsinin tələblərinə əsasən qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün, ilkin mərhələdə respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 142-si qapalı olmaqla, ümumilikdə 281 ödənişsiz yer ayrılıb. Ardınca isə daha geniş imkanlar təmin olunması məqsədilə demək olar ki, respublikanın əksər yaşayış məntəqələrini əhatə edən 4500-ə yaxın əlavə görüş yerləri də təşviqat subyektlərinin sərəncamına verilib. Namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar ödənişsiz və heç bir icazə tələb olunmadan, sadəcə müvafiq dairə seçki komissiyasını öncədən məlumatlandırmaqla həmin yerlərdə öz seçiciləri ilə görüşlər keçiriblər. Namizədlərin təşviqatı üçün bütün seçki məntəqələrini əhatə edən 10000-dən çox böyük ölçülü lövhələr də quraşdırılıb. Seçkiqabağı təşviqat subyektləri MSK tərəfindən yaradılan bütün bu imkanlar və bərabər şəraitdən azad və sərbəst şəkildə, səmərəli istifadə ediblər. Yanvarın 15-dən start götürən seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalanadək davam edib və ümumilikdə müasir tələblərə cavab verən şəraitdə keçirilib.

O da vurğulanıb ki, Prezident seçkiləri ilə əlaqədar seçki prosesinin demək olar ki, bütün iştirakçıları ilə yanaşı, seçicilər üçün də geniş maarifləndirmə kampaniyası keçirilib. Seçkilərin keçirilmə tarixi, səsvermə qaydaları, eləcə də istiqamətverici və çağırış xarakterli müxtəlif növdə yüz minlərlə plakat çap edilərək bütün yaşayış məntəqələrinin ərazisində asanlıqla görünə bilən yerlərdə asılıb. MSK tərəfindən səsvermədə iştiraka çağırış, seçki gününün diqqətə çatdırılması, seçici siyahılarında adın yoxlanılması, əlavə seçicilər siyahısı əsasında səsvermə, qeydiyyatdan çıxma vəsiqəsindən istifadə və səsvermə proseduru ilə bağlı hazırlanmış, ümumilikdə 8 video və audio çarx televiziya və radio kanallarında, habelə sosial media platformalarında mütəmadi şəkildə nümayiş etdirilib.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, seçkilərdə bütün seçici qrupları ilə yanaşı görmə, eşitmə və hərəkət qabiliyyəti məhdud olan seçicilərin də sərbəst səsvermələrinin təmin olunması üçün müxtəlif layihələr gerçəkləşdirilib. Gözdən əlil seçicilər onlar üçün hazırlanmış və seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretdən istifadə etməklə seçki günü öz konstitusion hüquqlarını kimsənin yardımı olmadan reallaşdırıblar. Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs verə bilmələri üçün müvafiq binaların müəyyənləşdirilməsi və onlarda panduslar quraşdırılması yolu ilə ehtiyac duyulan 2042 seçki məntəqəsində xüsusilə bu kateqoriyadan olan seçicilər üçün əlverişli vəziyyət yaradılıb. MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində bütün video çarxları alt yazısı ilə hazırlanıb ki, bu da eşitmə qabiliyyəti məhdud olan seçicilərin maarifləndirilməsində əhəmiyyətli rol oynayıb.

İclasda seçkilərin geniş aşkarlıq mühitində keçdiyi də xüsusi qeyd olunub və  Prezident seçkilərində şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, bütün respublika coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini əvvəldən-axıradək, arasıkəsilmədən və birbaşa izləmək imkanı verən veb-kameralardan bəhs olunub. Bildirilib ki, bu seçkilərdə veb-kameralar yüksək texniki parametrlərə cavab verməklə, yenilənmiş müşahidə sistemi üzərindən daha yüksək və aydın vizual görüntü effektini təmin edib. Müşahidə sisteminin avadanlıq və proqram təminatı baxımından komponentləri və səsvermə günü seçki məntəqələrindəki prosesləri canlı izləmək üçün internet səhifəsi də tam şəkildə yenilənib. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri real zaman rejimində izləmək imkanına malik olublar.

Eləcə də məlumat verilib ki, Prezident seçkilərinin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurumu və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi qatılıb. Eyni zamanda dünyanın 110 aparıcı xarici media subyektindən olan 217 təmsilçi MSK tərəfindən müvafiq lövhəciklə təmin edilərək seçkiləri izləyiblər. Respublikada fəaliyyət göstərən yerli media nümayəndələri isə heç bir əlavə akkreditasiya tələb olunmadan, seçki marafonu başlayandan sonadək sərbəst və maneəsiz şəkildə seçkilərin izlənilməsində iştirak ediblər.

Seçkilərin müşahidəsinə həmçinin, çoxsaylı siyasi partiyaları, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutların və ictimai birlikləri təmsil edən, eyni zamanda öz təşəbbüsləri ilə seçkilərə qatılmış 90000-dən artıq yerli müşahidəçi də qatılıb. Qeyd etmək lazımdır ki, siyasi partiyalar bu seçkilərə xüsusilə ciddi maraq göstərib. Prezidentliyə namizədləri qeydə alınan 5 siyasi partiya da daxil olmaqla, 19 siyasi partiyanın və öz təşəbbüsü ilə seçkilərə qatılan namizədlərin ümumilikdə 51000-dən artıq müşahidəçisi seçkilərdə şəffaflığın təmin olunmasında yaxından iştirak ediblər. Prezident seçkilərinin müşahidəsində qeyri-hökumət təşkilatlarının yüksək fəallığı aşkar diqqət çəkib. Belə ki, seçkilərin müşahidəsinə bütövlükdə 83 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutu və ictimai birliklərin 7000-ə yaxın müşahidəçisi də aktiv şəkildə qoşulub. Bütün bunlarla yanaşı, 3 ixtisaslaşmış təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan 1-i öz fəaliyyətini xarici partnyoru ilə birgə təşkil edib. “Exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb.

Ümumiyyətlə seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Aparılan müşahidələrə əsasən demək olar ki, on minlərlə müşahidəçinin qatıldığı seçkilər onlar tərəfindən azad, ədalətli və müasir tələblərə cavab verən proses olaraq qiymətləndirilib.

Seçkilərdə vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunması üçün yaradılan imkanlar barədə də ətraflı məlumat verilib və bildirilib ki, bütün seçki kampaniyası boyunca MSK-ya cəmi 1 şikayət daxil olub və həmin şikayətlə bağlı operativ qaydada müvafiq tədbirlər görülüb. Seçki günü və ondan sonrakı günlər də daxil olmaqla, MSK-ya və aşağı seçki komissiyalarına hər hansı qanun pozuntusu barədə heç bir şikayət daxil olmayıb. Səsvermə günü seçicilər tərəfindən seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu kimi məsələlərlə bağlı Komissiyanın 115 saylı və elektron qaynar xətlərinə daxil olmuş sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilərək, operativ şəkildə lazımi addımlar atılıb.

İclasda, habelə diqqətə çatdırılıb ki, Prezident seçkiləri 125 seçki dairəsi üzrə 6319-u daimi, 218-i müvəqqəti olmaqla, ümumilikdə 6537 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 47-si işğaldan azad olunmuş ərazilərdə, 49-u Azərbaycanın 37 xarici ölkədəki səfirlik, konsulluq və diplomatik nümayəndəliklərində yerləşib. Səsvermə günü seçicilər yüksək fəallıqla, azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin 76,43 faizi səsvermədə iştirak edib. Seçki günü ərzində 5 dəfə seçicilərin aktivliyi barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi üzərindən xüsusi proqram təminatı vasitəsi ilə birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülərək ictimailəşdirilib və Komissiyanın internet səhifəsində yerləşdirilib. Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib, məntəqə seçki komissiyalarının ilkin protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsinə qoyulub və bir neçə saat ərzində seçki məntəqələrinin mütləq əksəriyyətindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri ictimaiyyətin diqqətinə çatdırılıb.

O cümlədən qeyd olunub ki, səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə və qaydada məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya təqdim edilib. Dairə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər obyektiv və hərtərəfli yoxlanılıb. Həmçinin seçki günü müxtəlif mənbələrdə, hətta onlayn platformalarda olan məlumatlar belə fərqli alternativ resurslardan, eləcə də seçki məntəqələrində quraşdırılmış veb-kamera görüntülərində istifadə edilməklə mümkün qədər geniş və hərtərəfli araşdırılıb.

Komissiya, aparılan araşdırmalar nəticəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkarlanan 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və həmin seçki məntəqələrinin məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib.

İclasda Prezident seçkilərinin nəticələri haqqında MSK-nın Protokolu tərtib edilib və bütün Komissiya üzvləri tərəfindən imzalanıb təsdiqlənməklə seçkilərə yekun vurulub. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi, həmçinin dərc olunması qərara alınıb.

news
20 dekabr 2023-cü il tarixində Mərkəzi Seçki Komissiyasında seminar keçirilmişdir

....Dekabrın 20-də seçkilərin hazrılanması və keçirilməsi zamanı tələb olunan sənəd formalarının işlənmə qaydası ilə bağlı Mərkəzi Seçki Komissiyasının akt zalında seminar keçirilib. Tədbirdə Mərkəzi Seçki Komissiyasının əməkdaşları iştirak edib.

....Tədbirdə Mərkəzi Seçki   Komissiyasının əməkdaşları Xəlil Əliyev və Sahil Məmmədovun  "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin hazırlanması və keçirilməsini təmin edən dairə və məntəqə seçki komissiyalarının təşkili və  tərkiblərinin müəyyən edilməsi qaydaları mövzusunda çıxışları dinlənilib. 

....Vurğulanıb ki, seçki qanunvericiliyinin tələblərinə görə dairə və məntəqə  seçki komissiyalarının tərkibi müvafiq ərazidə ictimai birliklərin, siyasi partiyaların və yaşayış yeri üzrə seçicilərin yığıncağının göstərdikləri namizədlər arasında Mərkəzi Seçki   Komissiyasının   müəyyən   etdiyi   qaydada  keçirilən püşkatma yolu ilə müəyyən edilir. Püşkatma keçirildikdən və dairə və məntəqə seçki komissiyasının tərkibi formalaşdırıldıqdan sonra seçki komissiyaları özlərinin ilk iclaslarını keçirərək komissiyanın sədrini və katibini müəyyən edir və bu barədə müvafiq protokol tərtib olunur. Dairə seçki komissiyanın tərkibinin formalaşdırılması ilə bağlı püşkatma komissiyanın protokolu, “dairə seçki komissiyası üzvlüyünə namizədlər” kitabı, müvafiq dairə seçki komissiyası üzvlüyünə namizəd göstərilməsi barədə siyasi partiyaların, ictimai birliklərin yerli təşkilatlarının və seçicilərin yaşayış yeri üzrə yığıncaqlarının protokolları  Mərkəzi Seçki komissiyasına amma məntəqə seçki komissiyasının tərkibinin formalaşdırılması ilə bağlı seçki sənədləri isə dairə seçki komissiyalarına təhvil verilir.

....Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

news
Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında seminar keçirilib

Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının akt zalında “Seçki hüququnun təminatları və məhdudiyyətləri” mövzusunda seminar-treyninq keçirilib.

Seminarda Mərkəzi Seçki Komissiyasının  əməkdaşları iştirak edib.

 MSK-nın şöbə müdiri Əli Qədimov “Seçki hüququnun məhdudiyyətləri” mövzusunda çıxış edərək seçkilərdə iştirakın prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, müşahidə aparılması prinsipləri və seçkiqabağı təşviqatın aparılması haqqında danışıb. 

Sonra tədbirdə MSK-ın baş məsləhətçisi Elnur Əliyevin  “Seçki hüququnun təminatları” mövzusunda çıxışı dinlənilib,  seçmək və seçilmək hüququndan istifadə etmənin mexanizmi, seçki hüququnun qanunvericilik aktlarında təsbiti haqqında daha ətraflı və təcrübi biliklər əsasında məlumat verilib.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

news
Mərkəzi Seçki Komissiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

....Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.  Əvvəlcə Ulu Öndərin əziz xatirəsi, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

....Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev açaraq Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır. 

....Əjdər Əliyev dövlətimizin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Ulu Öndərin  gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasında xüsusi yeri olan bir dövlətə çevrilib, həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb.

....Daha sonra Mərkəzi Seçki Komissiyasının baş məsləhətçiləri Elnur Əliyev və Ramil Sadiqovu “Ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsində Heydər Əliyev ideyalarının rolu” və “ Ölkəmizdə müasir seçki mədəniyyətinin formalaşmasında Heydər Əliyev irsi” mövzularında  çıxışları dinlənilib.   

news
Mərkəzi Seçki Komissiyasında seminar keçirilib

....İyunun 22-də  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının akt zalında  Mərkəzi Seçki Komissiyasının və muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları üçün “İnternetdən istifadə və təhlükəsizlik qaydaları” və “Seçki komissiyalarının fəaliyyətində kargüzarlıq işinin təşkilinə dair tövsiyələr” mövzusunda seminar keçirilib.

....İnternetdən istifadə zamanı ən çox yayılan təhlükələrlə bağlı çıxış edən Mərkəzi Seçki Komissiyasının sədrinin köməkçisi Elşən Heydərli balıq ovu (fishing) hücumu, güc tətbiqi (brute-forcing) hücumu, zərərverici yoluxdurma (malware injection) və sosial mühəndislik (social engineering) hücumu haqda  ətraflı məlumat vermişdir.

....Mərkəzi Seçki Komissiyasının baş məsləhətçisi Ramil Sadiqov isə dünyada ən geniş yayılmış kompüter virusu proqramlarından bəhs edərək kompüterlərin viruslara yoluxması və onların qarşısının alınması, kompüter viruslarından qorunmağın qaydaları, VPN servislərindən istifadə etməyin yaratdığı risk və təhlükələri seminar iştirakçılarının diqqətinə çatdırıb. 

....Daha sonra, Mərkəzi Seçki Komissiyasının baş məsləhətçisi  Sahil Məmmədov qərarların hazırlanması və tərtib edilməsi, əmrlərin hazırlanması və tərtib edilməsi, protokolların hazırlanması və tərtib edilməsi, aktların hazırlanması və tərtib edilməsi və  kargüzarlıq işinin təşkilinə dair digər  tələblər barədə çıxış etmişdir.

....Sonda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

 

news
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib

....Aprelin 28-də Naxçıvan Muxtar Respublikası  Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində Mərkəzi Seçki Komissiyası və muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları arasında Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat yarışı keçirilib.
....Açılış mərasimində  Ulu Öndərin əziz xatirəsi, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Yarışda Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyaların əməkdaşları iştirak edib.

....Daha sonra Mərkəzi Seçki Komissiyasının akt zalında   qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən  Naxçıvan Muxtar Respublikası  Mərkəzi Seçki Komissiyasının  sədri Əjdər Əliyev yarış iştirakçılarını salamlayaraq bildirib ki, yarış Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses indi də davam edir və şahmatın inkişafı dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər.

....Yarışın mükafatlandırma mərasimində 1-ci yerin qalibi Məmmədov Babək, 2-ci yerin qalibi Əsgərov Niyaz və 3-cü yerin qalibi Qədimov Əli fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Mərkəzi Seçki Komissiyasının  sədri Əjdər Əliyev təqdim edib.

....Sonda xatirə şəkli çəkilib.

news
2023-cü il aprelin 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

    Məzahir Pənahovun sədrliyi ilə 2023-cü il aprelin 12-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 6 fevral 2023-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.
    Sonra bir sıra seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması məsələsinə baxılıb. Aparılan müzakirələrdən sonra 9 saylı Binəqədi ikinci, 13 saylı Xəzər-Pirallahı, 61 saylı Neftçala, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
     Beynəlxalq qurum və media orqanları nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

news
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının elektron informasiya resursu "GOV.AZ" domen zonasına köçürülüb

....Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər görülür.

....Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının elektron informasiya resursu "GOV.AZ" domen zonasına köçürülüb.

....Bu gündən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının portalı yeni "nmsk.gov.az" domen adı ilə fəaliyyət göstərəcək.