....Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
....Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev açaraq Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, müasir Azərbaycan tarixinin bir çox parlaq səhifələri, heç şübhəsiz ki, Heydər Əliyevin adı ilə, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyəti ilə bağlıdır.
....Əjdər Əliyev dövlətimizin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib. Vurğulanıb ki, Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasında xüsusi yeri olan bir dövlətə çevrilib, həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb.
....Daha sonra Mərkəzi Seçki Komissiyasının baş məsləhətçiləri Elnur Əliyev və Ramil Sadiqovu “Ölkəmizdə seçki praktikasının təkmilləşdirilməsində Heydər Əliyev ideyalarının rolu” və “ Ölkəmizdə müasir seçki mədəniyyətinin formalaşmasında Heydər Əliyev irsi” mövzularında çıxışları dinlənilib.