....Məzahir Pənahovun sədrliyi ilə 2023-cü il fevralın 6-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 16 avqust 2022-ci ildə keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktlarına dair məsələyə baxılıb. Komissiyanın qərarı ilə bəzi normativ xarakterli aktlar son dövrlər qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılıb. Həmçinin bir sıra seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Komissiyanın iclasında diqqətə çatdırılıb ki, Seçki Məcəlləsinin tələblərinə əsasən 2023-cü il yanvar ayının əvvəllərindən etibarən Azərbaycanda ölkə üzrə vahid seçicilər siyahısının tərtib olunması və dəqiqləşdirilməsinə başlanılıb. Müvafiq yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilən bu irimiqyaslı prosesə respublikadakı bütün aşağı seçki komissiyalarının otuz yeddi mindən artıq üzvü cəlb olunub.
....Seçki qanunvericiliyi ilə müəyyənləşdirildiyi kimi, seçicilər siyahısının tərtib edilməsi birinci mərhələdə məntəqə seçki komissiyaları tərəfindən aparılıb və bu proses qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilib. Məntəqə seçki komissiyaları seçki məntəqələri üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.
....Növbəti mərhələdə dairə seçki komissiyaları seçki dairələri üzrə ilkin seçici siyahılarını yoxlayaraq aidiyyəti qurumlardan daxil olan məlumat və statistik göstəricilərlə bir daha təhlil edib dəqiqləşdirir və siyahıları aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil verirlər. Mərkəzi Seçki Komissiyası da öz növbəsində seçicilərin daxil olduğu məlumat bazasını toplayıb, siyahılarda olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və statistik təhlili üçün xüsusi proqram vasitəsilə yoxladıqdan və lazımi dəqiqləşdirmələr apardıqdan sonra qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada seçicilər siyahısını təsdiq edir.
....Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, sözügedən prosesə ən geci cari il may ayının sonuna qədər yekun vurulması nəzərdə tutulur. Mərkəzi Seçki Komissiyasının iclasında xarici qurum və media orqanlarının nümayəndələri iştirak edib.