news
Könüllü qanvermə aksiyası keçirilib

....Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə könüllü qanvermə aksiyası keçirilib. Aksiyanın keçirilməsində məqsəd irsi qan xəstəliklərindən, xüsusilə talassemiyadan əziyyət çəkən insanlara kömək və koronavirus pandemiyası zamanı ehtiyat qan bankının zənginləşdirilməsindən ibarətdir. Aksiyada Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları iştirak ediblər. Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutan bu aksiyada əvvəlcə donorlardan koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün qan analizləri götürülərək testdən keçirilib.

....Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsin baş həkiminin müavini İsmayılov Türkan bildirib ki, müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qanitirmələrdə, xroniki qanazlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların-ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur.

....Qanvermə aksiyasında iştirak edən könüllü donor – Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Əli Qədimov bildirib ki, həyatda hansısa xəstəlik və ya bədbəxt hadisə nəticəsində qana ehtiyac yarana bilər. Bu halda kiminsə həyatını xilas etməyə kömək göstərmək ən vacib və gərəkli əməllərdən biridir.

....Aksiyada 20 nəfər iştirak edib, 10 litr qan toplanaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan bankına təhvil verilib. Mövcud vəziyyətlə əlaqədar aksiya sosial izolyasiya qaydalarına uyğun və  zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla keçirilib.

news
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının kollektivi Heydər Əliyev Muzeyini ziyarət etmişdir.

....Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının kollektivi 27 noyabr 2021-ci il tarixdə Heydər Əliyev Muzeyini ziyarət etmişdir. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. 420 eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyində hazırda 4746 eksponat toplanıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər sənədlərin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.