Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tarixi

....Naxçıvanda müasir seçki sistemi cəmiyyətdəki demokratik proseslərin və əsas hakimiyyət institutlarının çoxillik inkişafı prosesi nəticəsində formalaşmışdır. Onun meydana gəlməsi və təkmilləşməsində bir çox amillər rol oynayıb. Siyasi sistemin prinsiplərinin və fəaliyyət praktikasının formalaşmasına Naxçıvan əhalisinin siyasi mədəniyyətinin xüsusiyyətləri də böyük təsir göstərib.

....Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyət göstərdiyi müddəti 3 mərhələ üzrə araşdıraq.

....Birinci mərhələ 1926-1938-ci illəri əhatə edən dövrdür. 1920-ci ildə Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra iyulun 28-də Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Àli orqan olan Naxçıvan İnqilab Komitəsi seçildi. İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi elan etdi. Moskvada bağlanmış Moskva və Qars müqavilələrinə əsasən Naxçıvan ölkəsinin üçüncü bir dövlətə güzəştə gedilməməsi şərti ilə Azərbaycanın himayəsinə verilməsi qərara alınmışdı. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlandırılmışdır. 1926-cı il aprelin 18-də çağırılmış V Ümumnaxçıvan sovetlər qurultayında respublikanın ilk Konstitusiyası qəbul edildi və bütün hakimiyyətin, ali qanunverici orqanın - fəhlə, kəndli və əsgər deputatları sovetlərinin hesabat verdikləri Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi olması təsbit olundu. Belə idarəçilik sistemi 1917-ci il fevral burjua-demokratik inqilabından sonra Rusiyanın mərkəzində və əyalətlərdə yaradılmış sovetlərə uyğunlaşdırılması məqsədi daşıyırdı. Həmin sovetlər Rusiyada proletariatın və kəndlilərin inqilabi demokratik diktaturası orqanlarına çevrilmişdi. Birgə fəhlə və əsgər, kəndli deputatları sovetləri meydana gəlmiş, oktyabr 1917-ci il inqilabından sonra ölkədə bütün hakimiyyət fəhlə, kəndli və əsgər deputatları sovetlərinə keçmişdi. Sovetlər Respublikası proletariat diktaturasının dövlət forması, sosialist dövlət forması oldu. Fəhlə və əsgər deputatları sovetləri şəhərlərdə, kəndli deputatları sovetləri kəndlərdə hakimiyyətə çevrilmişdir. Belə ki, 1918-ci ildə Fəhlə Kəndli Qızıl Ordusunun yaradılması haqqında Dekret qəbul edildikdən sonra Sovetlər-fəhlə, kəndli və qızıl əsgər deputatları sovetləri adlandırılmışdır. Eyni zamanda 1924-cü il SSRİ Konstitusiyası Ümumittifaq Sovetlər Qurultayını (Qurultaylar arası dövrdə isə SSRİ Mərkəzi İcraiyyə Komitəsini) ali dövlət hakimiyyət orqanı kimi təsbit etmişdir. Müttəfiq və muxtar respublikalarda ali dövlət hakimiyyəti orqanları müvafiq sovetlər qurultayları (MİK-ləri ), yerli hakimiyyət orqanları isə ölkə, vilayət, quberniya, mahal, qəza, rayon və volost sovetləri qurultayları (İcraiyyə Komitələri ) olmuşdur.

....Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Rusiyada olduğu kimi, ali qanunverici orqan – fəhlə, kəndli və əsgər deputatları sovetlərinin hesabat verdikləri və tabe olduqları Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətə başladı. 1921-1938-ci illərdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublikada fəhlə-kəndli hökuməti və bütün dövlət orqanlarının fəaliyyətinə ümumi rəhbərlik edir, dekret və qərarlar verir, siyasi və ictimai həyatda ümumi normaları, respublikanın büdcəsini təsdiq edirdi.

....Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 27 noyabr 1926-cı il tarixli Sərəncamına və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin 5 dekabr 1926-cı il tarixli Qərarına əsasən Naxçıvan MSSR Mərkəzi Seçki Komissiyası yaradılmışdır. Mərkəzi Seçki Komissiyası 11 nəfərdən ibarət yaradılmış, komissiyanın tərkibi əsasən bolşeviklər partiyasının nümayəndələrindən, həmkarlar ittifaqı, komsomol təşkilatı, fəhlə təşkilatlarından və milli azlıqlarının nümayəndələrindən ibarət formalaşmışdır. 

....Mərkəzi Seçki Komissiyasının həmin dövrdəki fəaliyyətinə gəldikdə, bu dövrdə yeni yaranmış, heç bir təcrübəyə malik olmayan Mərkəzi Seçki Komissiyası fəhlə, kəndli, əsgər sovetlərinə, Mərkəzi İcraiyyə Komitəsinin konfrans və qurultaylarına, yerlərdə isə kənd, qəsəbə, mahal, vilayət və diyar sovetlərinə, iclas və konfranslarına nümayəndələrin seçilməsini çox sadə bir üsulla həyata keçirirdi. Həmin dövrdə məntəqə seçki komissiyaları yaradılmırdı. Bu işləri Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış kənd, qəsəbə və mahal seçki komissiyaları yerinə yetirirdi.

....Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1937-ci il martın 14-də IX Ümumazərbaycan sovetlər qurultayında Azərbaycan SSR-nin II Konstitusiyasının qəbul edilməsi və onun əsasında Azərbaycan SSR Ali Sovetinin seçilməsi ilə əlaqədar fəaliyyətini dayandırmışdır.

....Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi də 1938-ci ilədək fəaliyyət göstərdi. Azərbaycan SSR-nin II Konstitusiyasının qəbul edilməsi və orada Mərkəzi İcraiyyə Komitəsinin fəaliyyətinin dayandırılıb Ali Sovetin təsis edilməsi ilə əlaqədar Naxçıvan MSSR-də də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi öz fəaliyyətini dayandıraraq Naxçıvan MSSR Ali Soveti təsis edildi.

....İkinci mərhələ 1938-1991-ci illəri əhatə edir. 1936-cı il dekabrın 5-də VIII Sovetlər Qurultayında təsdiq edilmiş SSRİ Konstitusiyası yeni mərkəzi və yerli hakimiyyət orqanları sistemini təsbit etdi və fəhlə, kəndli və qızıl əsgər deputatları sovetlərini Zəhmətkeş Deputatları Sovetləri ilə, SSRİ Mərkəzi İcraiyyə Komitələrini isə SSRİ Ali Soveti ilə əvəz etdi.

....Buna müvafiq olaraq SSRİ tərkibinə daxil olan müttəfiq respublikalarda da Mərkəzi İcraiyyə Komitələri Ali Sovetlərlə əvəz olundu. Ali Sovetlərə ilk seçkilər 1937-ci ildə SSRİ Ali Sovetinə, müttəfiq respublikalarda isə 1938-ci ildə keçirildi. SSRİ tərkibində olduğumuz müddətdə SSRİ Ali Sovetinə, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə 12 çağırış deputat seçkiləri keçirilmişdir.

....SSRİ Ali Soveti - SSRİ-nin Ali hakimiyyət və yeganə qanunvericilik orqanı olmuş, seçicilərin gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında 4 il müddətinə (1974-cü ildə IX çağırışdan sonra 5 il müddətinə) seçilirdi. 21 yaşına çatmış və seçki hüququndan istifadə edən hər bir SSRİ vətəndaşı SSRİ Ali Sovetinə deputat seçilə bilərdi. SSRİ Ali Soveti aşağıda qeyd olunan hüquqlara malik idi: SSRİ Konstitusiyasının qəbul edilməsi, onda dəyişikliklər və əlavələr edilməsi; SSRİ-nin tərkibinə yeni respublikaların qəbul olunması, yeni muxtar respublikalar və muxtar vilayətlər təşkilinin təsdiqi; SSRİ-nin iqtisadi və sosial inkişaf planlarının, SSRİ dövlət büdcəsinin və onun yerinə yetirilməsi haqqında hesabatların təsdiqi; ona hesabat verməli müttəfiq respublika orqanlarının təşkili və digər qanunvericiliyə uyğun məsələlərin həlli; SSRİ Ali Soveti Rəyasət Heyətinin seçilməsi, SSRİ Nazirlər Sovetinin təşkil edilməsi, SSRİ Ali Məhkəməsinin seçilməsi, SSRİ Baş Prokurorunun təyin edilməsi.

....SSRİ Ali Soveti bərabərhüquqlu iki palatadan - İttifaq Sovetindən və Millətlər Sovetindən ibarət olmuşdur. SSRİ Ali Sovetinə fəhlələr, kolxozçular, sovet ziyalılarının nümayəndələri, mədəniyyət və maarif işçiləri, dövlət və partiya xadimləri seçilirdilər.

....Yerli sovetlər 1977-ci ilin oktyabr ayınadək Zəhmətkeş Deputatları Sovetləri, 1977-ci ildə qəbul olunmuş yeni Konstitusiyaya əsasən SSRİ dağılanadək Xalq Deputatları Sovetləri adlandırılmışdır.

....Xalq, dövlət hakimiyyətini SSRİ-nin siyasi əsası olan Xalq Deputatları Sovetləri vasitəsi ilə həyata keçirirdi. SSRİ Ali Soveti, müttəfiq və muxtar respublikaların Ali Sovetləri 5 il müddətinə, yerli sovetlər isə 2,5 il müddətinə seçilirdi.

....Azərbaycan SSR Ali Soveti – Azərbaycan SSR-də dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı olmuşdur. Azərbaycan SSR Ali Soveti birpalatalı, gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında hər 12500 nəfər əhalidən 1 deputat hesabı ilə 4 il müddətinə seçilirdi (1975-ci ildən 5 il müddətinə). 21 yaşına çatmış, seçki hüququ olan hər bir vətəndaş Azərbaycan SSR Ali Sovetinə deputat seçilə bilərdi. Azərbaycan SSR Ali Soveti – Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətini seçir, Azərbaycan SSR Nazirlər Sovetini təşkil edir və Azərbaycan SSR Ali Məhkəməsini seçirdi. Bu orqanlar Azərbaycan SSR Ali Soveti qarşısında məsul idilər və ona hesabat verirdilər.

   Azərbaycan SSR Ali Sovetinin başlıca fəaliyyət forması sessiyalar idi. Sessiyalar ildə 2 dəfə Ali Sovetin Rəyasət Heyəti tərəfindən çağırılırdı. Hər yeni çağırışın I sessiyasında Azərbaycan SSR Ali Sovetinin sədri, onun 4 müavini, Ali Sovetin Rəyasət Heyəti və daimi komissiyaları seçilirdi.

....Azərbaycanda I çağırış SSRİ Ali Sovetinə keçirilən seçkilərdə 1648877 seçici qeydə alınmışdır ki, onların da 95.6% səsvermədə iştirak etmişdir. Bu seçkilərdə Azərbaycan 11 müttəfiq respublikadan biri olaraq seçicilərin sayına görə yeddinci olmuşdur. Ali Sovetə 37 nəfər azərbaycanlı seçilmişdir ki, bu da Qafqaz respublikalarından ən böyük nümayəndə heyəti idi (gürcülər 33, ermənilər 30 nəfər). 54 millətdən seçilən deputatlar içərisində sayına görə ruslardan (146 nəfər) sonra ən çox ukraynalılar və azərbaycanlılar olmuşdur.

....İlk dəfə Naxçıvan MSSR-dən SSRİ Ali Sovetinə seçilən deputatlardan görkəmli dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyev, görkəmli bəstəkar Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu, məşhur neftçi Ağanemətulla və digərləri Naxçıvanının mənafelərini SSR Ali Sovetində təmsil etmişlər. 70 il tərkibində olduğumuz Sovetlər ölkəsində seçki sistemi bəzi humanist xüsusiyyətlərə malik olmaqla nöqsanlardan da xali deyildi. Həmin dövrlərdə daimi fəaliyyət göstərən Seçki Komissiyaları yaradılmırdı. Seçkilər keçirilən ərəfədə komissiyalar yaradılırdı, həmin komissiyaların fəaliyyət istiqamətlərini, seçkilərin keçirilməsinin əsas şərtlərini özündə əks etdirən Seçki Qanunu qəbul olunurdu. Seçkilərdən sonra komissiyalar buraxılırdı. Hər şeydən öncə, marksizm-leninizm təlimi əsasında formalaşan kommunist ideologiyası xalqların iradəsini tam ifadə etmədiyindən azad, demokratik seçkilərin keçirilməsi üçün tələb olunan şərtləri ödəmirdi. Bütün seçkilər istər SSRİ Ali Soveti istərsə də Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetləri olsun əvvəldən axıradək Sovet İttifaqı Kommunist Partiyasının birbaşa ciddi nəzarəti və rəhbərliyi altında həyata keçirilirdi. Təqdim olunan hər bir namizəd partiya orqanları tərəfindən müəyyənləşdirilir, seçiləcək deputatların özləri, yaxın qohum və ətrafları təhlükəsizlik orqanları tərəfindən ciddi öyrənilərək müsbət rəy aldıqdan sonra yuxarı partiya orqanlarına məlumat verilirdi. Sonra həmin namizəd aşağıdan yuxarıya tabe olduqları bütün partiya təşkilatlarının rəhbərləri tərəfindən qəbul olunur, təlimatlandırılaraq yola salınırdı və bir vəzifə olaraq tapşırılırdı ki, bu barədə heç kim bilməməlidir.

....Seçkilərə üç ay qalmış dairə və məntəqə seçki komissiyaları formalaşırdı. Komissiya sədrləri adətən istehsal sahələrində işləyən Sov.İKP-nın üzvlərindən, müavinlər Partiya Təşkilat katiblərindən, üzvlər isə ictimai təşkilatların Sov.İKP-nın üzvü olan nümayəndələrindən ibarət təşkil olunurdu.

....Seçki günü seçkilərdə seçicilərin Sovet quruluşuna olan isti münasibəti əks etdirmək üçün seçici fəallığı 95%-dən aşağı, namizədin topladığı səslər isə 99%-dən aşağı olmamalı idi. Sov. İKP-nın tam nəzarətində olan seçkilər və həmin seçkilərdə irəli sürülən namizədlər, komissiya üzvləri və müşahidəçilər həmin seçki orqanında məsul olan partiya funksionerinin nəzarəti altında fəaliyyət göstərirdi. Seçkilər başlananda və qurtaranda SSR-nin himni çalınır, səsvermə qutusunun yanında isə bütün seçki günü 2 azyaşlı uşaq (pioner qalstuklu) növbə tutub, seçiciləri o dövrə məxsus şəkildə salamlayırdılar.

....Lakin bunlarla yanaşı haqqında kinofilmlər çəkilən, romanlar, povestlər yazılan, mahnılar bəstələnən layiqli xalq təmsilçiləri, əmək qəhrəmanları da az olmurdu. Bu cür MSSR-dən seçilmiş əmək qəhrəmanlarından olan deputatlardan Neftçi Qurban adı ilə adına mahnı bəstələnmiş, “Sosialist Əməyi Qəhrəmanı” Qurban Abbasov, “Sosialist Əməyi Qəhrəmanı”, “Lenin”, “Oktyabr inqilabı”, “Qırımızı əmək bayrağı” ilə təltif olunan görkəmli pambıq ustası Bahar Talıbova, “Sosialist Əməyi Qəhrəmanı” üzümçülük briqadiri Əli Əliyev, qaynaqçı Zakir Nəsirov, tikişçi Tovuz Xudayarova, briqadir İsa Əliyev, “SSRİ Xalq rəssamı” Tahir Salahov, “Sosialist Əməyi Qəhrəmanı”, “SSRİ Xalq artisti” Rəşid Behbudov, dini lider Allahşükür Paşazadə və onlarla bu cür insanları misal göstərmək olar.

....SSRİ-nin tərkibində olduğumuz müddətdə 1937-ci ildən sonra 1990-cı ilədək 12 çağırış seçkilər keçirilmiş, bu illərdə Naxçıvan MSSR-dən SSRİ Ali Sovetinə 13 seçki dairəsindən 13 deputat, Azərbaycan SSR Ali Sovetinə 12-18 seçki dairəsindən müvafiq olaraq 12-18 deputat, Naxçıvan MSSR Ali Sovetinə I-V çağırışlarda 66 nəfər, VI çağırışda 71 nəfər, VII-VIII çağırışlarda 80 nəfər, IX çağırışda 100 nəfər, X-XII çağırışlarda isə 110 nəfər deputat seçilmişlər.

....Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev də dəfələrlə Naxçıvandan SSRİ Ali Sovetinin, RSFSR və Azərbaycan SSR Ali Sovetlərinin deputatı seçilmişdir. İlk dəfə 1949-cu ildə, 26 yaşında olarkən Naxçıvan şəhər Sovetinin, 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin, 1990-cı ildə isə Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir. Naxçıvan MSSR Ali Sovetinə deputatlığı irəli sürüləndə, seçicilərlə görüşündə demişdir: “Bu günlər çox yerdə olmuşam, fikirlərimi söyləmişəm. Nehrəm kəndinin camaatı məni Azərbaycan SSR-nin xalq deputatlığına, Naxçıvan Alt Trikotaj Fabrikinin kollektivi isə Naxçıvan MSSR-nin xalq deputatlığına namizəd irəli sürmüşlər. Mən onlara, eləcə də Naxçıvanın bütün sakinlərinə səmimi qəlbdən təşəkkür edirəm. Onu da deyim ki, bundan əvvəl mən dəfələrlə SSRİ, RSFSR və Azərbaycan SSR-nin Ali Sovetlərinin deputatı olmuşam. Vaxtilə Naxçıvanda olarkən Naxçıvan şəhər Sovetinə deputat seçilmişəm. İlk dəfədir ki, Naxçıvan MSSR xalq deputatlığına namizəd göstərilirəm. Bu mənim üçün əvvəlki deputatlıqlardan şərəflidir”.

....Naxçıvan MSSR-də SSRİ Ali Sovetinə seçkilərin keçirilməsi üçün 12 seçki dairəsi yaradılmış, 11 nəfər Millətlər Sovetinə, 1 nəfər isə İttifaq Sovetinə deputat seçilmişdir. İlk seçkidə seçilən deputatların hamısı azərbaycanlı olmuşdur.

....Naxçıvan MSSR-də Azərbaycan SSR Ali Sovetinə I çağırış seçkilər 1938-ci ildə keçirilmiş, 13 seçki dairəsi yaradılmış, 13 nəfər deputat seçilmişdir. Seçilmiş deputatların 2 nəfəri rus, 2 nəfəri erməni, 9 nəfəri azərbaycanlı olmuş, bunlardan 1 nəfəri “Lenin” ordenli, 1 nəfəri “Şərəf nişanı” ordenli, 1 nəfəri “Qırmızı Əmək Bayrağı” ordenli, 6 nəfəri ali təhsilli, 3 nəfəri fəhlə və kolxozçu, 7 nəfəri ÜİK(b)P-nin üzvü, 1 nəfəri isə qadın olmuşdur.

....Naxçıvan MSSR-nin ilk Konstitusiyası qəbul olunduqdan sonra Azərbaycan SSRİ-nın tərkibində Naxçıvan MSSR-nın ali dövlət hakimiyyəti orqanı 4 il müddətinə (1975-ci ildən 5 il müddətinə) seçilən birpalatalı Naxçıvan MSSR Ali Soveti olmuşdur. Naxçıvan MSSR SSRİ Ali Sovetinin Millətlər Sovetində 11 deputatla təmsil olunmuşdur. Yerli dövlət hakimiyyəti orqanları əhalinin 2,5 il müddətinə seçdiyi şəhər, rayon, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri olmuşdur(1977-ci ildən Xalq Deputatları Sovetləri). Naxçıvan MSSR Ali Soveti - Naxçıvan MSSR Nazirlər Sovetini təşkil edir, Naxçıvan MSSR Ali Məhkəməsini 5 il müddətinə seçirdi.

....I çağırış Naxçıvan MSSR Ali Sovetinə seçkilər 1938-ci ildə keçirilmişdir. Naxçıvan MSSR-nın seçki əraziləri üzrə yaradılmış 66 seçki dairəsindən 66 deputat seçilmişdir ki, milli mənsubiyyətlərinə görə deputatların 2 nəfəri rus, 8 nəfəri erməni, 56 nəfəri azərbaycanlı olmuş, bunlardan 1 nəfəri Sosialist Əməyi Qəhrəmanı, 2 nəfəri “Şərəf nişanı” ordenli, 2 nəfəri “Qırmızı Əmək Bayrağı” ordenli, 1 nəfəri “Lenin” ordenli, 42 nəfəri ÜİK(b)P-nin üzvü, 34 nəfəri fəhlə və kolxozçu, 15 nəfəri isə qadın olmuşdur. Seçki Əraziləri üzrə:

....Naxçıvan şəhəri – 7 nəfər, Naxçıvan rayonu -14 nəfər, Noraşen rayonu – 19 nəfər, Şahbuz rayonu – 6 nəfər, Əbrəqunis rayonu – 5 nəfər, Ordubad rayonu – 12 nəfər, Culfa rayonu – 3 nəfər olmuşdur.

....Hər iki mərhələdə seçkilərin keçirilməsi dövründə seçicilərin vahid qeydiyyatının aparılması üçün hal hazırda olduğu kimi ölkə üzrə vahid seçici siyahılarının hazırlanması nəzərdə tutulmurdu. Bu dövrdə seçkilər sadə üsullarla keçirildiyinə görə seçicilər də seçki günü səsverməyə kənd, qəsəbə və ya mahallar üzrə müəyyən olunmuş məsul şəxslərin dəvətləri ilə gəlirdilər. 1938-ci ildən sonra isə seçkilərin keçirilməsində kənd, qəsəbə nümayəndələri və ya mənzil istismar idarələrinin təqdim etdikləri siyahılar əsas götürülürdü.

....Nəhayət üçüncü mərhələ isə 1991-ci ildən başlayaraq günümüzə qədər olan Azərbaycan Respublikasının müstəqilliyi dövrünü əhatə edir. Müstəqillik dövründə ilk dəfə Mərkəzi Seçki Komissiyası Naxçıvan Muxtar Respublikası xalq deputatları seçkilərinin keçirilməsi məqsədilə 24 dekabr 1991-ci il tarixdə ümummilli lider Heydər Əliyevin imzası ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət heyətinin qərarı əsasında yaradılmışdır. Həmin qərara əsasən Mərkəzi Seçki Komissiyasının tərkibi 11 üzvdən ibarət olmaqla təşkil edilir, həmin üzvlər sırasından ilk iclasda Mərkəzi Seçki Komissiyasının sədri, iki müavini və bir katibi seçilirdi.

....1995-ci ildə I çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsi üçün 15 nəfərdən ibarət tərkibdə Mərkəzi Seçki Komissiyası yaradılmışdır. Həmin dövrdə seçki komissiyalarının yaradılması və fəaliyyəti qaydaları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Qanunla tənzimlənirdi. 1998-2000-ci illərdə muxtar respublikada seçkilərin hazırlanıb keçirilməsini təşkil edən Mərkəzi Seçki Komissiyası 13 nəfərdən ibarət olmuş, 2000-ci ildən etibarən isə günümüzədək, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklif etdiyi namizədlər sırasından Ali Məclis tərəfindən 7 nəfər bitərəf üzvdən ibarət olmaqla təşkil olunur və 5 il fəaliyyət göstərir.

....Bu 20 illik dövr ərzində ölkəmizin həm seçki hüququ həm də seçki praktikası sahəsində böyük islahatlar həyata keçirilmişdir. Bu dövrdə altı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilmişdir. Totalitar rejimdən yeni çıxmış ölkəmiz üçün azad və ədalətli seçkilərin keçirilməsini tənzimləyən qanunvericiliyin hazırlanması həmçinin həmin seçkilərin real praktikada öz təzahürünü tapması ölkə rəhbərliyindən böyük səylər tələb edirdi. Bu baxımdan hər keçirilən seçki, seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı irəliyə doğru atılan bir addım olmuş və hal hazırda tam məsuliyyəti ilə qeyd etmək olar ki, ölkəmiz bütün vətəndaşların ümumi maraqlarını təmin edən seçkiləri azad və ədalətli şəkildə keçirmək iqtidarındadır. Bu məsələni təsdiq edən mühüm bir hal ölkəmizin seçki qanunvericiliyidir. 2003-cü ilədək Azərbaycan Respublikasının Prezident seçkilərini, parlament və bələdiyyə seçkilərini, həmçinin Mərkəzi Seçki Komissiyasının fəaliyyətini tənzimləyən müxtəlif qanunvericilik aktları mövcud idi. 2003-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə seçki qanunverciliyimizdə olan bu pərakəndəliyin qarşısının alınması və seçkilərin hazırlanıb keçirilməsinin ümumi prinsip və qaydalarını müəyyən etmək məqsədilə, vahid qanunvericilik aktı – Azərbaycan Respublikasının Seçki Məcəlləsi hazırlanaraq qəbul edilmişdir. Bü təşəbbüs həm ölkə daxilində həm də beynəlxalq aləmdə müsbət addım kimi qiymətləndirilmiş, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürösunun, həmçinin Avropa Şurasının Venesiya komissiyasının ekspertləri tərəfindən müsbət qiymətləndirilmişdir.

....Bunun davamı olaraq 2005-ci il Azərbaycan Respublikasında parlament seçkiləri ərəfəsində seçki praktikasının təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iki sərəncam imzalanmışdır ki, bu sərəncamlarda seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı bir sıra yeni ideyalar irəli sürülməklə ölkə rəhbərliyinin azad və ədalətli seçkilərin keçirilməsində maraqlı olduğunu ifadə etmişdir. Həmin yeniliklər sırasında hal hazırda bütün müasir dövlətlərin seçki prosesində tətbiq olunan barmaqların gözə görünməyən mürəkkəblə işarələnməsi, seçki məntəqələrində exit-pol keçirilməsi və ya müşahidə kameralarının quraşdırılmasını göstərmək olar.

....Ölkəmizdə gedən bu proseslərdən Naxçıvan Muxtar Respublikası da geri qalmamış, 2005-ci ildə III çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdən əvvəl həmin seçkilərin hazırlanıb keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş prinsipləri özündə tam əks etdirən seçki qanunu – “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında”

....Naxçıvan Muxtar Respublikasının Qanunu hazırlanaraq qəbul edilmiş və həmin dövrdən başlayaraq 2005 və 2010-cu illərdə III və IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə, həmçinin 02 oktyabr 2011-ci il tarixdə IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə, 2015 və 2020 – ci illərdə V və VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər bu Qanun əsasında keçirilmişdir.

... Muxtar respublika ərazisində daimi fəaliyyət göstərən 6 dairə seçki komissiyası müasir tələblərə cavab verən yeni inzibati binalar, fəaliyyətləri üçün tələb olunan bütün inventar və avadanlıqlar, informasiya texnologiyaları vasitələri ilə təmin edilmiş, seçki məntəqələri isə muxtar respublikada yeni tikilib istifadəyə verilmiş binalarda yerləşdirilərək, lazım olan texniki-təsərrüfat vasitələri ilə təmin edilmişlər.

....Ümumilikdə ölkəmiz, keçmiş Sovetlər Birliyindən ayrılaraq müstəqilliyinə qovuşan respublikalar arasında digər sahələrdə olduğu kimi seçki sisteminin təkmilləşdirilməsi, şəffaflıq və demokratik dəyərlərin tətbiqi üzrə də ön sıralardadır.

....Bu günədək keçirilmiş bütün seçkilərdə muxtar respublika vətəndaşları öz sözünü deməklə istədiyi namizədə açıq, ədalətli və azad şəkildə səs verməklə özünün demokratik seçim iradəsinin nə qədər möhkəm olduğunu ortaya qoymuşdur. Tam şəffaf, azad, ədalətli şəraitdə keçmiş bütün seçkilər ölkəmizin muxtar respublikamızın sivil və demokratik dəyərlərə sadiq olduğunu, respublikamızda seçki mədəniyyətinin getdikcə daha da yüksəlməsini, ən başlıcası isə ölkə vətəndaşlarında seçkilərə inamın daha da artması həqiqətini hər dəfə nümayiş etdirmişdir. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası da xüsusi ilə 30 illik müstəqillik dövrümüzdə buna nail olunması istiqamətində olan səylərini daima artırmış və bundan sonra da ölkəmizin müsbət seçki imicinin qorunub saxlanmasında əlindən gələni əsirgəməyəcəkdir.