....Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının  kollektivi noyabrın 26-da Naxçıvan Dövlət Tarix Muzeyində olublar.

....Bələdçi muzey haqqında məlumat verərək bildirib ki, muzey 1924-cü ildə təşkil olunub, muzeyə 1968-ci ildə dövlət statusu verilibdir. Naxçıvan Dövlət Tarix Muzeyinin uğurlu fəaliyyəti isə 1969-cu ildən, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrə təsadüf edir.

....Qeyd olunub ki, Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponat Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır. Ekspozisiya, əsasən, 4 – qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.

....Ekspozisiya zallarından biri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla zənginləşdirilib. Ekzpasiyada Naxçıvan ərazisində aşkar edilən daş və tunc dövrünün abidələri, Naxçıvanın təkrarsız mədəniyyətinə daxil olan boyalı qablar mədəniyyəti, Kür-Araz mədəniyyətinə aid olan gil parçaları, monoxrom və polixrom boyalı küplər nümayiş olunur. Memar Əcəmi Əbubəkroglunun yaradıcılığına məxsus memarlıq nümunələri, Qarabağlar türbəsinin maketi, həmçinin Zaviyyə mədrəsəsi, Qazançı, Aza körpüləri, XVIII-XIX əsrlərə aid memarlıq kompleksi olan Xan Sarayı, XVI-XVII əsrlərə aid olan İmamzadə kompleksi, Cümə məscidi, Naxçıvan buzxanası, Hüseyn Cavidin məqbərəsi, İsmayılxan hamamı haqqında yer alan foto və məlumatlar da ekspazisiyada öz əksini tapmışdır. Muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə qüdrətli Atabəylər dövləti, həmçinin Qaraqoyunlu və Ağqoyunlu dövlətləri və XVIII əsrdə Azərbaycan dövlətiçiliynə mühüm töhfələr vermiş Naxçıvan xanlığı haqqında geniş bilgilər əldə etmək mümkündür.