....Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının əməkdaşları mütəmadi olaraq muxtar respublikamızda fəaliyyət göstərən muzeyləri ziyarət edir, mədəniyyət müəsisələrində mühafizə olunan eksponatlarla yaxından tanış olurlar. “Muzey günləri” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının  kollektivi növbəti dəfə may ayının 21-də Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər.

....Muzey bələdçisi muzey haqqında kollektivə məlumat verərək bildirib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 may 2001-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də muzeyin açılış mərasimində iştirak etmiş və Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.

....Qeyd olunmuşdur ki, Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ulu öndərin xatirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır.

....Bildirilib ki,  muzey tarixi binada yerləşir. Ötən əsrin əvvəllərində inşa edilən bina ilk vaxtlar Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji Texnikum və Tibb Məktəbi kimi fəaliyyət göstərib. Muzeyin fondunda, ümumilikdə, 1300-ə yaxın eksponat var. Bunlardan 388-i muzeyin ekspozisiyasında sərgilənir. Binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 181, ikinci mərtəbəsində yerləşən 5 ekspozisiya zalında isə 206 eksponat nümayiş olunur. Bunlardan 61-i orijinal rəsm əsəridir.           

....Xatırladaq ki, teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb.