....Mayın 11-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının akt zalında  Mərkəzi Seçki Komissiyasının və muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları üçün “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyi” mövzusunda seminar keçirilib.

....Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev bildirdi ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə Nümunəvi Təlimat”da dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsi, o cümlədən korporativ informasiya məkanında potensial təhdidlərə qarşı qabaqlayıcı tədbirlər öz əksini tapıb. Bununla yanaşı təlimatda dövlət qurumlarında informasiya təhlükəsizliyinin təşkili və təmini qaydaları, habelə struktur bölmələr və əməkdaşlar üçün informasiya təhlükəsizliyi sahəsində məcburi tələblər müəyyənləşdirilib. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 aprel tarixli 93 nömrəli Qərarı əsasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında informasiya təhlükəsizliyinin təminatı üzrə” Təlimatı hazrılayıb təsdiq etmişdir.

....Təlimatla bağlı tədbir iştirakçılarına məlumat verən MSK sədri qeyd etdi ki, tələblərdə  təhkim olunan rabitə vasitələrindən, informasiya daşıyıcılarından, kompüterdən, daxili şəbəkə və internetdən xidməti zərurətdən kənar məqsədlər üçün istifadə etmək, şəxsi məlumatları təhkim olunan kompüterə köçürmək, şəxsi istifadədə olan rabitə xətlərini icazəsiz başqa qurğulara birləşdirmək, habelə qanunazidd və zərərli proqram təminatlarından, razılaşdırılmamış VPN xidmətlərindən istifadə yolverilməz hesab olunur.

....Daha sonra Mərkəzi Seçki Komissiyasının əməkdaşları Elnur Əliyev və Ramil Sadiqov tərəfindən slayd vasitəsilə Nümunəvi Təlimat barəsində ətraflı məlumat verilib.

....Diqqətə çatdırılıb ki, Nümunəvi Təlimatda nəzərdə tutulmuş informasiya təhlükəsizliyinin təminatı barədə tələblərin pozulmasına yol vermiş hər bir əməkdaş qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

....Seminarın sonunda tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.