....Aprelin 28-də Naxçıvan Muxtar Respublikası  Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində Mərkəzi Seçki Komissiyası və muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının əməkdaşları arasında Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat yarışı keçirilib.
....Açılış mərasimində  Ulu Öndərin əziz xatirəsi, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Yarışda Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyaların əməkdaşları iştirak edib.

....Daha sonra Mərkəzi Seçki Komissiyasının akt zalında   qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən  Naxçıvan Muxtar Respublikası  Mərkəzi Seçki Komissiyasının  sədri Əjdər Əliyev yarış iştirakçılarını salamlayaraq bildirib ki, yarış Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib, ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses indi də davam edir və şahmatın inkişafı dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən idmançılarımız böyük uğurlar əldə ediblər.

....Yarışın mükafatlandırma mərasimində 1-ci yerin qalibi Məmmədov Babək, 2-ci yerin qalibi Əsgərov Niyaz və 3-cü yerin qalibi Qədimov Əli fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Mərkəzi Seçki Komissiyasının  sədri Əjdər Əliyev təqdim edib.

....Sonda xatirə şəkli çəkilib.