Martın 3-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının akt zalında komissiyanın yeni veb-saytının təqdimat mərasimi keçirilib. Bu münasibətlə keçirilən tədbiri  giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev Naxçıvan Muxtar Respublikasında aparılan  çoxşaxəli dinamik inkişaf haqqında çıxış edərək bildirib ki, muxtar respublikada  infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verib. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində muxtar respublika sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. Daha sonra “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 iyul, 2011-ci il tarixli Fərmanı ilə bağlı tədbir iştirakçılarına məlumat verən MSK sədri vurğulayıb ki, bütün bu inkişaf informasiya- kommunikasiya texnologiyaları sahəsində də özünü göstərir. İKT sahəsində əldə olunmuş nailiyyətlər muxtar respublikada dövlət orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə şərait yaratmışdır.

    Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış www.nmsk.gov.az domen adı ilə fəaliyyət göstərəcək  yeni internet saytı öz funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası, daha rahat istifadə imkanları ilə seçilir. Bundan başqa, müvafiq bölmələrdə zəruri informasiyalar verilməklə, daha təfərrüatlı informasiya alınması üçün keçidlər yerləşdirilib. Eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrə də keçidlər verilib.

   “Faydalı linklər” bölməsində "Seçkilər" İnformasiya Mərkəzinin internet səhifəsinə keçid verilmişdir. Bu səhifədə seçki məntəqələri, onların ünvanları, seçki dairələri və seçki məntəqələri üzrə seçicilərin siyahısı ilə bağlı bütün məlumatlar verilibdir. Seçicilərin işini asanlaşdırmaq üçün hətta seçki məntəqələrinə gedən nəqliyyat vasitələri və marşrutlar da göstərilib. Bu sayt vasitəsi ilə seçkilər zamanı muxtar respublikanın seçiciləri seçki məntəqələrinə getmədən  də öz adlarını, seçki məntəqələrini və ünvanlarını  asanlıqla tapa bilərlər.

    Sonra tədbir iştirakçılarını saytla tanış edən Mərkəzi Seçki Komissiyasının şöbə müdiri Əli Qədimov seçkilərin hazırlanıb keçirilməsi və həmçinin Mərkəzi Seçki Komissiyasının cari fəaliyyətinin işıqlandırılması üçün zəruri bölmələrlə təmin olunan MSK-nın yeni internet səhifəsi haqqında ətraflı danışaraq bildirib ki, MSK saytının ana səhifəsində Mərkəzi Seçki Komissiyasının fəaliyyəti ilə əlaqədar əsas xəbərlər, həmçinin sayt istifadəçilərinin səmərəli istifadəsi üçün nəzərdə tutulan qısa keçidlər, o cümlədən ölkənin və muxtar respublikamızın təbliği üçün nəzərdə tutulmuş faydalı linklər yer almışdır.

    Müasir dövrdə insanların əsas informasiyaları sosial şəbəkələrdən əldə etdiklərini nəzərə alaraq Mərkəzi Seçki Komissiyasının instaqram və facebook səhifələri də istifadəyə verilmiş, həmin səhifələrdə MSK-nın fəaliyyəti ilə əlaqədar  ən son xəbərlər operativ şəkildə yerləşdirilir. Mərkəzi Seçki Komissiyasının internet saytının yuxarı sağ küncündə qeyd olunan sosial şəbəkələrə keçidlər verilmişdir. Ana menyu “MSK”, “Mətbuat xidməti”, “Seçkilər”, “Hüquqi aktlar” və “Əlaqə” bölmələrindən ibarətdir. “MSK” bölməsində Mərkəzi Seçki Komissiyasının fəaliyyəti və səlahiyyətləri, MSK Aparatının strukturu və struktur bölmələrin vəzifələri göstərilmiş, həmçinin MSK-nın tarixi haqqında ətraflı məlumat verilmişdir. Həmin bölmədə MSK-nın hal-hazırda fəaliyyətdə olan üzvləri və onların seçilməsi haqqında qərarlar da yer almışdır. “Mətbuat xidməti” bölməsində mütəmadi olaraq yenilənən xəbərlər, foto və videoqalereya, həmçinin hesabatlar daxil edilmişdir. Seçkilər bölməsində 2005-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilmiş növbəti, növbədənkənar və əlavə seçkilərlə əlaqədar ətraflı məlumatlar yer almışdır. “Hüquqi aktlar” bölməsində isə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qanunvericiliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının normativ xarakterli aktları yerləşdirilmişdir. Belə ki, həmin bölmədə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları, Azərbaycan Respublikasının Seçki Məcəlləsi, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu, o cümlədən Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi əsasnamələr, reqlametlər, təlimatlar, izahlar, qaydalar və s. yer almışdır. “Əlaqə” bölməsi elektron müraciətlər və əlaqə vasitələrindən ibarətdir. Bu bölmə vətəndaşların Mərkəzi Seçki Komissiyasına operativ müraciətlərini təmin etmək məqsədilə hazırlanmışdır. Belə ki, MSK saytının elektron müraciətlər bölməsindən Mərkəzi Seçki Komissiyasına birbaşa müraciət yazmaq və ya əlaqə vasitələrindən istifadə etməklə Mərkəzi Seçki Komissiyası ilə birbaşa əlaqə saxlamaq mümkündür.

    Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının internet səhifəsi domenə bağlı e-poçt adresləri ilə təmin olunub. Saytın optimizasiyası (SEO-Search Engine Optimization), axtarış sistemlərinə uyğunlaşdırılması, SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də  Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən Komissiyanın aidiyyəti əməkdaşına idarəetmə panelinin istifadəsi ilə əlaqədar olaraq müvafiq təlim keçirilib. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet saytı Komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir. Sayt iki dildə azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

    Təqdimat mərasimində MSK-nın işçiləri, mətbuat nümayəndələri, muxtar respublikada fəaliyyət göstərən Dairə Seçki Komissiyalarının sədr və katibləri də  iştirak ediblər.