....Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının kollektivi 27 noyabr 2021-ci il tarixdə Heydər Əliyev Muzeyini ziyarət etmişdir. Məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. 420 eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyində hazırda 4746 eksponat toplanıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər sənədlərin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.