Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının əməkdaşları mütəmadi olaraq muxtar respublikamızda fəaliyyət göstərən muzeyləri ziyarət edir, mədəniyyət müəsisələrində mühafizə olunan eksponatlarla yaxından tanış olurlar.

   Müxtəlif muzeylərə ekskursiyalarını davam etdirən MSK əməkdaşları fevralın 19-da Naxçıvan şəhərində yerləşən Yusif Küseyir oğlu türbəsini ziyarət ediblər. Muzeyin bələdçisi məlumat verərək bildirib ki, Yusif Küseyir oğlu türbəsi Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1162-ci ildə Naxçıvan şəhərinin cənub-şərq tərəfində inşa edilib. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli formada ucaldılan türbə piramida şəkilli günbəzlə örtülüb. Yusif Küseyir oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatıb.

   Son illər muxtar respublikada tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də 2020-ci ildə bərpa olunub.

   Bildirilib ki, türbənin bütün səkkiz səthi müxtəlif şəkilli həndəsi ornamentlə bəzənib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavalar şəklində bərkidilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluşu etibarilə türbənin yalnız bir səthi, qərb tərəfə baxan səthi, başqa şəkildə həll edilib. Burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapı üzərində haşiyələr formasında verilmiş həmin hissə çıxıntılar vasitəsilə bir portal şəklini alıb. Türbənin rəis, xoca Yusif Küseyir oğlu üçün hicri 557-ci ildə, yəni miladi 1162-ci ildə tikildiyini göstərən kitabə bu səthin yuxarı hissəsində yerləşdirilib. Bununla yanaşı, türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılıb və burada da kitabə yerləşdirilib. Kufi xətlə işlənmiş bu kitabənin giriş qapısından sol tərəfdəki hissəsində memarın adı yazılıb: “Naxçıvanlı memar Əcəmi Əbubəkr oğlu”. Yusif Küseyir oğlunun türbəsi həcmi etibarilə bir o qədər böyük tikinti olmasa da, memarlıq bəzəyi sadə olsa da, öz ümumi kompozisiyasının aydınlığı, hissələrinin mütənasibliyi etibarilə və eləcə də inşaat işlərinin diqqətlə aparılması cəhətdən gözəl bir memarlıq abidəsidir.

   Diqqətə çatdırılıb ki, Yusif Küseyir oğlu məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə olunmayıb. Bu abidədə yazılar müxtəlif ölçülü kərpiclərin hörgüyə düzülüşü nəticəsində əldə edilib. Frizlər və haşiyələrdəki kitabələrin fonunda şaquli “ləm”, “əlif”, “kəf” hərflərinin arasındakı sahələr həndəsi naxışlarla zənginləşdirilib və müqəddəs “Qurani-Kərim”dən bir neçə ayələr də burada öz əksini tapıb. Səkkizguşəli məqbərənin bütün tərəfləri kufi xətli yazılarla haşiyələnib. Kitabələrin mətni Quran ayələridir. Sözügedən abidə səkkiz yüz illik yaşını tamamlamasına baxmayaraq, göstərilən diqqət sayəsində hələ də Naxçıvanın mərkəzində öz əzəməti ilə turistlərin və qonaqların marağına səbəb olur.