....Naxçıvan Muxtar Respublikasında istedadlı qadınların və fiziki imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması diqqətdə saxlanılır. Məhdud  fiziki imkanlı şəxslər və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkil olunması onların sosial təminatı ilə yanaşı, həm də dəyərlərimizin yaşadılmasına xidmət edir.

....Sentyabrın 28-də  Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı açılmışdır. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının kollektivi də həmin sərgi-satışla tanış olmuş və müxtəlif  hədiyyəlik əl işləri almışlar.

....Məlumat verilib ki, sərgi-satışa 442 şəxsin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Bu günədək minə yaxın əl işi satılıb.

....Sərgilənən əl işləri sırasında muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələri, müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, qrafik iş, vitraj, ebru sənəti, muncuqla, gipslə, daş tozu ilə, mislə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ və tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə işlənmiş rəsm əsərləri, mənəvi və ailə dəyələrini əks etdirən əl işləri kollektivin xüsusi diqqətini cəlb edib.