.....Aprelin 19-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə  “Ölkəmizdə demokratik seçki ənənəsinin formalaşmasında Heydər Əliyev irsi” mövzusunda seminar keçirilib.

.....Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub.
.....Muzey ilə tanışlıq zamanı iştirakçılara məlumat verilib ki, Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Bu muzey Ümummilli Liderimizin şərəfinə Azərbaycan Respublikasında yaradılmış ilk muzeydir. Muzeyin fondunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən 5 mindən çox eksponat sərgilənir.

.....Mərkəzi Seçki Komissiyasının akt zalında  davam edən tədbirdə Ulu Öndərin əziz xatirəsi, eləcə də Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

.....Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında yerləşən dairə seçki komissiyalarında  keçirilən müxtəlif tədbirlər barədə məlumat verərək bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərib. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir.

.....Diqqətə çatdırılıb ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatları aparıldı. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələndi.

.....Azərbaycanda demokratik seçki mühitinin formalaşmasında Ulu Öndərin müstəsna rolundan danışan Mərkəzi Seçki Komissiyasının baş məsləhətçisi Xəlil Əliyev qeyd edib ki, Konstitusiya Aktının 1991-ci ildə qəbuluna baxmayaraq Azərbaycanda demokratik seçkilərin keçirilməsi 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz Ulu Öndərin sayəsində demokratik seçki mühitinin formalaşdırılması Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrildi. Heydər Əliyevin 1993-cü ilin oktyabrında president seçilməsi isə xalqın öz rəhbərinə sonsuz məhəbbətinin ifadəsi olmaqla bərabər, ölkədə demokratiyanın inkişaf etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən seçki sisteminin ildən-ilə təkmilləşdirilməsinin əsasını qoydu.

.....4 saylı Dairə Seçki Komissiyanın sədri Çingiz Həsənli çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizdə apardığı məqsədyönlü siyasətin mərkəzində dayanan ən əsas məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşının ictimai - siyasi sabitliyin qorunub saxlandığı bir ölkədə yaşamasının təmin edilməsi olmuşdur. Ulu öndər tərəfindən atılan qətiyyətli addımlar və görülən təxirəsalınmaz tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmiş, xalqın siyasi və ictimai asayişin qorunduğu bir respublikada təhlükəsiz yaşamağı təmin edilmişdir. Bu da öz növbəsində ölkəmizdə demokratik, azad və şəfaf seçkilərin keçirilməsinin təməl prinsipi olmuşdur.

.....Daha sonra Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.