....Dekabrın 30-da  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialı və Kəngərli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə  Kəngərli rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin vətən qarşısındakı müqəddəs xidməti borcunu yerinə yetirən zabit və əsgərləri ilə görüş keçirilmiş, onlara ərzaq məhsulları və gündəlik təlabat malları təqdim edilmişdir.

....Vətən Müharibəsində qazanılan qələbə və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə  hərbi hissənin kollektivini  səmimi qəlbdən təbrik edən  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyev orduya göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, hər bir dövlətin güvənc yeri, arxalandığı, ilk növbədə, onun güclü və qüdrətli  ordusudur. Bu səbəbdəndir ki,  Cənubi Qafqazda ən güclü ordu olan Azərbaycan ordusu hərtərəfli qayğı ilə əhatə edilib. Bu qayğının təməli isə ulu öndərimiz Heydər Əliyev tərəfindən  qoyulub.  Dahi öndərin ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin  nəticəsidir ki, ordumuz gündən-günə güclənir və hərbi qüvvətini artırır. Muxtar respublikamızın ərazisindəki  hərbi hissələrin timsalında bunu bütün aydınlığı ilə  görmək mümkündür. Naxçıvan Muxtar Respublikası  Ali Məclis sədrinin tez-tez hərbi hissələrdə olması, zabit və əsgərlərlə görüşməsi onlarda ruh yüksəkliyi yaradır, hərbiçilərin döyüş əzmini yüksəldir.

....Tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli və “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialının müdiri Elçin Əliyev çıxış edərək hərbi qulluqçuları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmişlər. Çıxışlarda həmçinin ordumuzun bu gün qüdrətli, lazımi müasir silah və texnika ilə tam təmin olunduğu və həmrəylik gününün xalq-ordu birliyinin əsaslarından biri olduğu vurğulanıb.

....Sonra ərzaq məhsulları və gündəlik təlabat malları hərbiçilərə təqdim olunmuşdur. Çıxış edən əsgərlər  də göstərilən diqqət və qayğıya görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlıqlarını bildiriblər.